İran Azərbaycanında həbslər davam edir
“Tarhe no” adlı qəzetdə türklər və qadınlara qarşı aşağılayıcı ifadələrə yer verilməsinə etiraz olaraq keçirilən aksiyalarla əlaqədar həbslər davam edir. Təbriz və Urmiyədə təqribən 20 etirazçının həbsi ardından 2 vətəndaşın da Ərdəbildə nəzarət altına alındığı bildirilib.
İranda insan haqlarına dair məlumat yayan HRA agentliyinə istinadən, Mehdi Huşmənd və Rza Vəhdət iyulun 27-də Ərdəbil küçələrində tutulublar. HRA tutulanların təhlükəsizlik qüvvələri tərəfindən döyüldüyünü yazıb.
Tarhe no qəzetinin "Bizim İran" sütununda türklər və qadınları aşağılayan ifadələrə yer verilib
Tarhe no qəzetinin "Bizim İran" sütununda türklər və qadınları aşağılayan ifadələrə yer verilib
İyulun 26-da Təbriz və Urmiyədə tutulanlanların sayının 15 və 25 arasında olduğunu qeyd edən HRA bunların bir çoxunun zəmanət qarşılığında müvəqqəti azadlığa buraxıldığını, azı 7 etirazçının isə hələ nəzarətdə saxlanıldığını xəbər verib.
Təbrizdə nəşr edilən Tarhe no qəzetinin iyulun 20-si sayında əfsanəvi qəhrəmanlar Rüstəm və Əfrasiyabın qarşıdurmasından bəhs edən bir hekayədə türklər və qadınlar haqqında təhqiramiz ifadələrə yer verilib.
Qəzetin “Bizim İran” sütunun təsvirinin sosial mediada nəşr edildikdən sonra sosial media istifadəçiləri, türk fəallar, yerli qəzetlər, Urmiyə və Qoşaçay kimi şəhərlərin millət vəkilləri və din xadimləri arasında etiraz dalğası baş qaldırıb.
voa