English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

Abbas Lisaninin həyatı təhlükədədir

AZOH: Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvolu Abbas Lisaniyə həyat yoldaşı və bir qrup soydaşımız vəkil tutmaq istəyir. Onlar iki həftədən çoxdur bunun baş tutmasına çalışır. Bu məqsədlə Ərdəbil İnqilab Məhkəməsi və "Ettelaat"ın yerli şöbəsinə müraciət ediblər. Ancaq indiyədək heç bir cavab almayıblar. Hətta Abbas Lisaninin həyat yoldaşı Rüqəyya Əlizadə Ərdəbil İnqilab Məhkəməsinə müraciət etdiyi zaman məsulların kobud rəftarıyla üzləşib. Artıq məhkəmə keşikçiləri onu idarəyə də buraxmırlar. Eyni zamanda Rüqəyya Lisani "Ettelaat"dan heç bir cavab ala bilmədiyi üçün saatlarla idarənin qapısında gözləməli olur. Buna baxmayaraq, soydaşımız heç bir məlumat əldə edə bilmir. Hətta "Ettelaat məmurları onu bir daha idarənin qapısına gələcəyi təqdirdə həbs etməklə hədələyiblər. Eyni zamanda ona Abbas Lisaninin durumu haqda heç bir yerli və xarici mediaya məlumat verməməklə bağlı xəbərdarlıq olunub.

Xatırladaq ki, Abbas Lisani dəfələrlə həbs olunub və həbsdə saxlanıldığı ağır şəraitdən dolayı səhhətində ciddi problemlər yaranıb. O, hazırda mədə, böyrək və belindəki ağrılardan əziyyət çəkir. Bu səbəbdən ailəsi milli fəalın sağlıq durumundan narahatdır. Yəni Abbas Lisaninin həyatı təhlükədədir. O, son dəfə sentyabrın 9-da Urmu gölüylə bağlı Güney Azərbaycanda kütləvi aksiyaların keçirildiyi bir vaxta "Ettelaat"ın Ərdəbil şöbəsinin əməkdaşları tərəfindən evində həbsə alınıb. Milli fəalın mənzilində axtarış aparılıb, kompyuteri, kitabları, bir sıra əlyazmaları və özəl əşyaları müsadirə edilib. Artıq Abbas Lisani iki aya yaxındır qanunsuz olaraq təkadamlıq kamerada saxlanılır. O, həbsxanada 16 gün aclıq aksiyası da keçirib. Artıq Abbas Lisani haqqında məhkəməyə təqdim etmək üçün iş hazırlanır. Hətta "Ettelaat" xaricdə yaşayan milli fəalların ailələrini idarəyə çağırıb onları Abbas Lisani ilə birgə fəaliyyətdə günahlandırır. Belə insanlardan biri də Şəhla Əlizadədir. O, Ərdəbil İnqilab Məhkəməsi tərəfindən Abbas Lisaninin xariclə əlaqəsini təşkil etməkdə ittiham olunub. Bundan əlavə, Ərdəbildə keçirilmiş Urmu gölü aksiyaları zamanı xiyabanlarda həbsə alınmış gənclərin ailələri "Ettelaat"a çağırılıb. Onlar Abbas Lisaninin əleyhinə şikayət ərizəsi yazmağa məcbur etdirilib və bunun qarşılığında onların övladları azadlığa buraxılıb.

Yürüş Mehrəlibəyli və Lətif Həsəninin məhkəməsi keçirilib

Oktyabrın 31-də Təbriz İnqilab Məhkəməsində Güney Azərbaycan Milli Hərəkatının tanınmış iki fəalı Ayət (Yürüş) Mehrəlibəyli və doktor Lətif Həsəninin məhkəməsi keçirilib. Məhkəmə soydaşlarımızı ağır ittihamlarla günahlandırıb. Onlar rejimin əleyhinə siyasi təbliğat aparmaq, qanunsuz olaraq GAMOH təşkilatını yaradaraq idarə etmək, ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərmək, Azərbaycan Respublikasının mənafeyi uğrunda bir neçə "casus"u bu dövlətə təklif etmək, Azərbaycan dövlətinə casusluq etmək, İranın ali dini rəhbəri, ayətullah Əli Xamneyiyə təhqiramiz ifadələr söyləməkdə günahlandırılıblar. Qeyd edək ki, məhkəmədə müttəhimlər özlərini və GAMOH təşkilatını müdafiə edərək digər ittihamları kəskin şəkildə rədd ediblər. Xatırladaq ki, soydaşlarımız 2010-cu ilin aprelində tutulub və 9 aya yaxın həbsdə qalıblar. Onun da 8 ayını ağır işgəncələr altında "Ettelaat"ın təkadamlıq kamerasında keçiriblər. Daha sonra 100 min ABŞ dolları mülk girovu müqabilində azadlığa buraxılıblar. Qeyd edək ki, Yürüş Mehrəlibəyli inqilab məhkəməsi tərəfindən bir neçə il öncə siyasi fəal Hadi Musəvini evində gizli şəkildə saxlamaq və onu qanunsuz olaraq Türkiyəyə qaçırtmaqla da ittiham olunaraq bir il həbs cəzasına məhkum edilib.

Milli fəallara bəraət verilib

Təbriz İnqilab Məhkəməsi Güney Azərbaycan Milli Hərəkatının 13 fəalı barəsində bəraət hökmü çıxarıb. Soydaşlarımız İranın mövcud quruluşuna qarşı fəaliyyətdə və Azərbaycan Respublikasının xeyrinə təbliğat aparmaqda günahlandırılırdılar. Qeyd edək ki, oktyabrın 21-də Təbriz İnqilab Məhkəməsində həmin ittihamlar üzrə təqsirləndirilən Əkbər Azad, Behbud Quluzadə, Əlirza Abdullahi, Mahmud Fəzli, Şəhram Radmehr, Şükrullah Qəhrəmani, Sona Fərəczadə, Pinar Fərəczadə, Həsən Rəhimi, Heydər Kərimi, Aydın Xacei, Yunis Süleymani və Nəim Əhmədinin məhkəməsi keçirilmişdi. Soydaşlarımız ittihamın qərəzli və əsasız olduğunu, o cümlədən ibtidai istintaqda hüquqlarının pozulduğunu bildirmişdilər. Onlar saxlanılan zaman təzyiqlərə məruz qaldıqlarını da qeyd etmişdilər. Ötən gün keçirilən məhkəmə prosesi zamanı onlara qarşı irəli sürülmüş ittihamlar üzrə heç bir dəlil və sübut tapılmadığından milli fəallar bəraət alıblar. Xatırladaq ki, soydaşlarımız milli-mədəni zəmindəki fəaliyyətlərinə görə keçən il həbsə alınıb və aylarla təkadamlıq kameralarda saxlanılıblar. Onlar həbs müddətində ağır işgəncələrə məruz qalıblar, daha sonra hər biri təxminən 220 min ABŞ dolları mülk girovu müqabilində azadlığa buraxılıblar.

Bu arada "Ettelaat" əməkdaşlarının avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı həbsə aldığı 30 milli fəaldan 15-i barədə şərti əfv qərarı çıxarılıb. Onların səlahiyyətli qurumlara şərti əfv barədə ünvanladıqları müraciə qəbul olunub və işləri Təbriz İnqilab Məhkəməsinin hökmləri icra edən şöbəsinə göndərilib. Həmin soydaşlarımız isə Əhməd Əlizadə, Yusif Sələhşur, Yasir Salmani Rzayi, Abdullah Səduqi, Mustafa Əvəzpur, İlqar Kərimi, Fərzad Məhdəvi, Əli Şirnak, Mehdi Mühaciri, Məhəmməd Əlimuradi, Qadir Novruzi və başqalarıdır. Qeyd edək ki, məhkəmə milli fəalları 4 ayını zindanda çəkməklə 24 ay həbs cəzasına məhkum etmişdi. Hazırda onların 20 ay həbs cəzası şərti olaraq qalır. Onlar milli-mədəni zəmindəki fəaliyyətlərinə görə tutulsalar, bu hökm yerinə yetiriləcək. Onu da qeyd edək ki, iftar mərasimində 30 tanınmış soydaşımız həbsə alınmışdı. Digər 15 nəfərin məhkəmə prosesi isə noyabrın 3-də keçiriləcək.

Təbrizdə ad günü mərasimində 31 nəfər həbs olunub

Oktyabrın 30-da axşam saatlarında Təbriz şəhərindəki Azərbaycan dördyolu adlanan ərazisindəki kafelərin birində Azərbaycan musiqisinin sədaları altında keçirilən ad günü mərasiminə basqın düzənləyən İran polisi 31 nəfər soydaşımızı həbsə alıb. Onlardan 15-i oğlan, 16-ı isə qız olub. Məlumata görə, onlar vəhşicəsinə döyülüb, hətta qızlara qarşı kobud rəftar olunub, onları ağır söyüşlərlə təhqir etdikdən sonra Təbrizin Saib küçəsindəki polis bölməsinə aparıblar. Burada azərbaycanlı gənclərin gözlərini bağlayan polislər onları saatlarla soyuq havada bölmənin həyətində saxlayaraq yenidən döyüblər. Azərbaycanlıların hər birini ayrıca şəkildə videoya çəkdikdən sonra polislər gecə saatlarında onları mülk girovu qarşılığında sərbəst buraxıblar.

Əhməd Riyazi Mübarəkinin azadlığa buraxılması istənilir

"Ettelaat" əməkdaşlarının avqustun 24-də Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı həbsə aldığı soydaşımız Əhməd Riyazi Mübarəki hələ də Təbriz zindanında saxlanılır. O, Təbrizin Qumtəpə məhəlləsində təxminən 30 milli-mədəni fəalla birlikdə tutularaq "Ettelaat"ın təcridxanasına aparılıb. O, təxminən bir ay fiziki və mənəvi işgəncələrdən sonra Təbrizin mərkəzi zindanına köçürülüb. Bundan əlavə, "Ettelaat" əməkdaşları hazırda Təbriz zindanında mühakimə olunmadan saxlanılan Əhməd Riyazi Mübarəkini həbs etdikdən sonra onun ata evinə gedərək mənzildə axtarış aparıblar. Onlar soydaşımıza aid kitablar, əlyazmalar və kompyuteri özləriylə aparıblar. Güney Azərbaycan Milli Hərəkatının bir qrup tələbə fəalı isə Əhməd Riyazi Mübarəkiyə afişa həsr edərək onun və digər azərbaycanlı fəalların dərhal azadlığa buraxılmasını tələb ediblər.

Zəncanda İbrahim Cəfərzadə və ailəsinin 40 mərasimi keçiriləcək

Zəncan şəhərində Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı, mərhum İbrahim Cəfərzadə və ailəsinin 40 mərasimi keçiriləcək. Bu barədə azərbaycanlı fəal Rza Abbasi məlumat verib. O, İbrahim Cəfərzadə və ailəsinin vəfatıyla əlaqədar oktyabrın 7-də Zəncanda keçirilməsi planlaşdırılan, ancaq təhlükəsizlik qüvvələri tərəfindən qarşısı alınan mərasimi də xatırladaraq deyib ki, yas mərasiminin qeyd olunmasına qadağa qoyulması heç bir hüquqa və insanlığa sığmır: "Ona görə də İbrahim Cəfərzadə və ailəsinin vəfatının 40-cı günüylə əlaqədar Zəncan şəhərində mərasim düzənləyəcəyik. Bu bizim ən ibtidai hüququmuzdur". Xatırladaq ki, Xoy şəhər sakinləri İbrahim Cəfərzadə, onun həyat yoldaşı Mina Kəhrəbayi və bir yaşlı övladları Ayla Cəfərzadə sentyabrın 26-da avtomobil qəzası nəticəsində dünyalarını dəyişiblər.

Səid Mətinpur unudulmur

Demokratik dəyərlər, insan haqları və Azərbaycanın milli, mədəni və iqtisadi haqları uğrunda fəaliyyət göstərdiyinə görə təzyiqlərə məruz qalan soydaşlarımız unudulmur. Xalqımız onları həmişə yad edir və hər fürsətdə onların azadlığa buraxılması üçün əlindən gələni əsirgəmir. Belə ki, Güney Azərbaycan Milli Hərəkatının fəalı, insan haqları müdafiəçisi, jurnalist Səid Mətinpura afişa həsr olunub. Xatırladaq ki, Tehran İnqilab Məhkəməsinin 8 il həbs cəzasına məhkum etdiyi soydaşımız artıq 4 ilə yaxındır Tehrandakı "Evin" həbsxanasındadır. Onun istintaq zamanı 9 ay "Ettelaat" idarəsində saxlanıldığı müddət həbs cəzasının bir hissəsi kimi hesablanmayıb. Səid Mətinpur "Əcnəbilərlə əlaqədə olmaq" və "İran əleyhinə təbliğat"da ittiham edilib. Hazırda Səid Mətinpurun azadlığı üçün beynəlxalq səviyyədə kampaniya aparılır, imzalar toplanır, İran rəsmilərindən onun azadlığa buraxılması tələb edilir.

Mehdi Həmidi Şəfiqin səhhəti pisləşib

"Ettelaat" əməkdaşlarının avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Mustafa Əvəzpurun evində verdiyi iftar mərasimi zamanı həbsə aldığı Mehdi Həmidi Şəfiq və onunla birlikdə tutulan daha bir neçə soydaşımızın səhhətində ciddi problemlər yaranıb. Buna səbəb onların qanunsuz həbslərinə etiraz əlaməti olaraq aclıq aksiyasi keçirmələridir. Bundan əlavə, Təbriz zindanında saxlanılan Mehdi Həmidi Şəfiqin tələbə yoldaşları onu unutmadıqlarını və daima yanında olduqlarını göstərmək üçün milli fəala maraqlı afişa həsr ediblər.

XALQ CEBHESI

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter