English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

İCTİMAİ PALATA 2 APREL MİTİNQİNİ İNQİLAB GÜNÜ ELAN ETDİ

AZOH: Dünən ADP-nin qərargahında İctimai Palatanın 3-cü sessiyası keçirildi. İP-in Koordinasiya Şurasının KXCP-dən olan üzvü Ədalət Yusibovun sədrliyi ilə keçirilən 300 nəfərin iştirak etdiyi sessiyada öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycanın dövlət himninin oxunması ilə sessiya fəaliyyətə başladı.

Ədalət Yusibov Koordinasiya Şurası tərəfindən gündəliyə üç əsas məsələnin-İP-ə yeni üzvlərin qəbulu, 2 aprelə təyin olunan mitinqlə bağlı hazırlıq işlərinin vəziyyəti, mitinqin qətnaməsinin qəbul olunması və cari məsələlərinin təklif edildiyini bildirdi. Gündəliyə daxil edilən məsələlərin müzakirəsinə başlanmazdan öncə İP üzvlərinin təklifləri dinlənildi.

AXCP Rəyasət Heyətinin üzvü Xaliq Bahadır tribunaya qalxaraq Koordinasiya Şurasını hakimiyyətin agentura şurası adlandırdı və tələb etdi ki, KŞ dərhal buraxılmalı, gizli səsvermə ilə yenisi formalaşdırılmalıdır.

Müsavat Partiyası Məclisinin sədri Arzu Səmədbəyli isə təklif etdi ki, intizam komissiyası yaradılsın və komissiya Xaliq Bahadırın İP-dən çıxarılması məsələsini qaldırsın: “Belə olmaz! Xaliq Bahadır hər dəfə sessiyada qalxıb hamını agentura şəbəkəsi adlandırır. İntriqa yaradır. Bunun bir sonu olmalıdır”.

KŞ-nin üzvü Pənah Hüseyn tribunaya qalxaraq X.Bahadırı İP üzvlərinə qarşı qərəzli ittihamlar səsləndirməyə son qoymağa çağırdı. Və təklif etdi ki, Koordinasiya Şurası üzvlərinə, şəxsən onun özünə etimad məsələsi gündəliyə salınsın. P.Hüseynin çıxışına isə AXCP fəalı Ramiz Kamal son dərəcə sərt reaksiya verdi. O, P.Hüseyni Heydər Əliyevi hakimiyyətə gətirməkdə və bununla da xalqı zülmlə üz-üzə qoymaqda ittiham etdi. R.Kamalın emosional çıxışı və təhqirə keçməsi zaldakıların onun ağzını tutması ilə nəticələndi. P.Hüseyn isə onun üzərinə yeridi. İP üzvlərinin müdaxiləsindən sonra qarşıdurma aradan qalxdı.

Ədalət Yusibov irəli sürülən təkliflərin biri istisna olmaqla, KŞ-nin, sonra isə növbəti sessiyanın müzakirəsinə çıxarılacağını bəyan etdi.

Gündəlik səsə qoyulub qəbul edildikdən sonra İP-ə üzvlər səsvermə ilə qəbul edildi. Ə.Yusibov məlumat verdi ki, 100 nəfər üzvlük üçün müraciət edib. KŞ onlardan 49-nun qəbul olunması barədə razılıq verib. Həmin 49 nəfər bir-bir sessiyaya təqdim olundu. İclasda iştirak edən 43 nəfər səsvermə ilə İP üzvlüyünə qəbul olundu. 43 nəfərin 13-ü deputatlığa keçmiş namizədlər, qalanları isə ictimai xadimlər, alimlər, keçmiş hakimlər, sabiq icra başçıları, Amerikada təhsil alan gənclərdən ibarətdir.

2 aprel mitinqinə hazırlıqla bağlı məsələnin müzakirəsi zamanı çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər dünyada, regionda və ölkədə gedən siyasi prosesləri təhlil elədi. Müsavat başqanı bildirdi ki, bütün diqqəti 2 aprel mitinqinə vermək lazımdır: “Cəmiyyətin, İctimai Palatanın, dəyişiklik istəyən insanların gücü 2 apreldə ortada olmalıdır. Biz çalışırıq ki, 2 aprel mitinqi razılaşdırılmış mitinq olsun. Ona görə də hakimiyyətə təklif etmişik ki, dinc razılaşdırılmış mitinq keçirək. Əgər hakimiyyət bunu anlayacaqsa, dünyada gedən proseslərdən nəticə çıxaracaqsa, Azərbaycan xalqının istəklərini nəzərə alacaqsa, düzgün hesablayıb qərar verməyi bacarmalıdır. İmkan yaratmalıdır ki, xalq qanuni şəkildə mitinq keçirib öz mövqeyini ifadə eləsin. Əgər hakimiyyət yenə də özündən müştəbehlik göstərəcəksə, bu onun seçimi olacaq. Biz yolumuza davam edəcəyik və yenə də mitinq şəhərin mərkəzində-Fəvvarələr meydanında keçiriləcək. Bizim mitinqimiz dinc xarakter daşıyacaq, bu, hansısa partiyaların yox, xalqın mitinqidir. Mitinqin şüarı Koordinasiya Şurasının təklifi ilə belədir ki, ”Xalq köklü islahatlar tələb edir". Hakimiyyətə bildirəcəyik ki, inqilabla qarşı-qarşıya qalmaq istəmirsənsə, köklü islahatlara başlamalısan. 2 aprel xalqımızın gücünün bütün dünyaya nümayiş etdirildiyi bir gün olmalıdır".

AXCP sədri Əli Kərimli çıxışında bildirdi ki, 2 aprel mitinqi hər hansı partiyanın, hətta tək İP-in özünün də mitinqi deyil: “Bu, ümumxalq mitinqidir, bütün narazı olan, azad seçki istəyən insanların hamısının bir yerdə keçirəcəyi mitinqdir. Azərbaycan hakimiyyəti, onun təbliğat ruporları bütün dünyanın etiraz etdiyi Qəzzafiyə azarkeşlik edir. Bu, sizə göstərmirmi ki, Azərbaycan hakimiyyəti hansı mahiyyətin daşıyıcısıdır. Biz bilirik ki, islahata qadir deyil. Ona görə də bizim mübarizəmiz rejim dəyişikliyi uğrunda mübarizədir. Bu rejim getməlidir. Mitinqlər davamlı, ardıcıl olmalıdır. Artıq biz meydanlara ona görə çıxmırıq ki, 1-2 aksiya keçirək və müəyyən döyülmə və həbslərdən sonra aksiyalar dayansın. 2 apreldə başlanacaq etiraz mitinqi hələ başlanğıcdır. Bundan sonra etirazların bütün respublikaya yayılması gözlənilir. Bu etirazların nəticə əldə olunana qədər davam etməsi ilə bağlı siyasi iradəmiz var”.

Əli Kərimli milli azadlıq mübarizəsində iştirak edən insanlara, iş adamlarına, dindarlara, təqaüdçülərə, gənclərə Azərbaycanın rejimdən xilası uğrunda mübarizəyə qalxmaları çağırışını etdi: “Gəlin bir yerdə, çiyin-çiyinə bu ölkəni azadlığa qovuşduraq, ədalət bərqərar olsun”.

KS üzvləri Zəfər Quliyev, Pənah Hüseyn və 20-dən yuxarı İP üzvü çıxış edərək mitinqə hazırlıqla və mitinq qətnaməsi ilə bağlı fikir və təkliflərini səsləndirdilər. Hər bir vətəndaşı ölkədə ciddi dəyişiklik uğrunda mübarizəyə qalxmağa, şansı əldən verməməyə çağırdılar. Azərbaycanda rejimin dəyişilməsi məsələsinin qəti şəkildə qoyulmalı olduğunu bəyan etdilər.

Müzakirələrin yekununda 2 aprel mitinqinin qətnamə layihəsi qəbul olundu. Qətnamədə deyilir ki, hakimiyyət imitasiya siyasətindən əl çəkməli, təcili real siyasi-iqtisadi islahatlar həyata keçirməli, korrupsiya və rüşvətxorluqla məşğul olan yüksək vəzifəli məmurları istefaya göndərməlidir: “Mitinq iştirakçıları dünya xalqlarının azadlıq hərəkatlarını alqışlayaraq, Azərbaycan vətəndaşlarının iradə , istək və tələblərini ifadə edərək, cəmiyyətin maraq və mənafelərini əsas tutaraq, demokratiyanı vətəndaşın və dövlətin uzunmüddətli və stabil təhlükəsizliyinin təminatı sayaraq hesab edir ki, ölkədə reyim dəyişikliyi zərurəti vardır. Azərbaycanda avtoritar sülalə rejimi demokratiya ilə əvəz olunmalıdır. Hakimiyyət xalqa qaytarılmalıdır. Bu, hakimiyyətin bütün qollarının azad, ədalətli seçkilərlə formalaşdırılması yolu ilə mümkündür. Mitinq iştirakçıları ölkənin tanınmış ziyalılarına, Azərbaycan gənclərinə, tələblərə müraciət edərək bütün mütərəqqi qüvvələri birləşməyə, demokratiya uğrunda dinc, sivil mübarizəyə qoşulmağa çağırır.

Mitinq iştirakçıları qeyd edir ki, Azərbaycan iqtidarı dünyada və ölkədə baş verən proseslərdən nəticə çıxarmaq qabiliyyətində deyildir. Dövrün çağırışlarına, cəmiyyətin tələblərinə cavab tapmaq, problemləri əsaslı şəkildə həll etmək əvəzinə, hədə-qorxu bəyanatlarına, müxalifət liderlərinə, gənclik hərəkatı fəallarına qarşı təhqir kampaniyalarına rəvac verilib. Mitinq iştirakçıları belə halları hiddətlə pisləyir, bu mədəniyyətsiz və ləyaqətsiz hərəkətlərə son qoyulmasını tələb edir".

İP sessiyası mitinq iştirakçıları adından aşağıdakı tələbləri irəli sürür:

Ölkədə real siyasi, sosial, iqtisadi islahatlar aparılsın. İslahatların həyata keçirilməsinin təminatı kimi növbədənkənar parlament seçkiləri keçirilsin. Yeni konstitusiya hazırlansın və proporsional seçki sistemi bərpa olunsun, hakimiyyət qollarının müstəqilliyi təmin edilsin. Əsas insan hüquq və azadlıqlarına, o cümlədən sərbəst toplaşma azadlığına, ifadə azadlığına, dini etiqad və vicdan azadlığına qoyulmuş hüquqi və icra xarakterli məhdudiyyətlər ləğv edilsin.

Korrupsiyaya son qoyulsun. Korrupsiyaya qarşı mübarizənin təminatı kimi Nazirlər Kabineti istefaya göndərilsin, nazir və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin mal varlığı və korrupsiya fəaliyyətlərində iştirakı məsələləri şəffaf şəkildə təhqiq edilsin. Bu təhqiqat başa çatana qədər onların dövlət qulluğu vəzifələrində çalışmaları qadağan edilsin. Haqsız rəqabət, idxalatda və ixracatda, iqtisadi fəaliyyətin digər sahələrində qeyri-qanuni monopoliyalar aradan qaldırılsın.

Sosial ədalət təmin edilsin. Neft gəlirlərinin və digər milli sərvətlərin ədalətli bölgüsü istiqamətində konkret addımlar atılsın. Bu məqsədlə əmək haqqı, pensiyalar və digər sosial ödənişlərin minimum hədləri iki dəfə artırılsın. Kredit borcları və digər borcların ödənməsi möhlətləri artırılsın. Təbii inhisarda olan xidmətlərin 2011- ci il ərzində qiymətinin artırılmayacağına təminat verilsin.

Siyasi və vicdan məhbuslar azad edilsin.

Mitinq və hərəkat iştirakçılarından tələb edilsin ki, hər hansı vəziyyətdən asılı olmayaraq mübarizənin dinc şəkildə aparılmasına qeyd- şərtsiz əməl edilsin. Rəsmi qurumlar, təhrikçilər və təxribatçılar zor işlətsə, saldırsa belə qarşılığında zora və saldırıya yol verilməsin".

Hər bir İP üzvünə mitinqə ciddi hazırlaşmaq tövsiyəsi edildikdən sonra martın 31-də saat 12-də azərbaycanlıların soyqırımının Şəhidlər Xiyabanında mərasimlə anılması barədə qərar verildi.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter