English            Latin   

برای دریافت مطالب جدید به این آدرس www.azoh.net  مراجعه فرمایید

Yeni Adresimiz www.azoh.net

New Address www.azoh.net 

گفتنی است این سایت آرشیو مطالب منتشر شده از اسفند 89 تا دی 92 و همچنین از مهر 94 تا شهریور 95 را شامل می شود
 

PUTİN PREZİDENTLİK UĞRUNDA SAVAŞA BAŞLAYIR

AZOH: Onunla Medvedyev arasındakı rəqabət güclənib; Qərbin kimin tərəfində olduğu bəlli deyil

Rusiyada gələn il keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca baş nazir Vladimir Putinlə prezident Dmitri Medvedyev tandeminin də sonu yaxınlaşır. İndiyədək Putinlə onun hakimiyyət başına gətirdiyi Medvedyev arasında gizli çəkişmənin mövcud olduğu heç kimdə şübhə doğurmurdu. Çünki bu çəkişmə bəzi hallarda açıq formada özünü büruzə verirdi.

Lakin Liviyada Qəzzafiyə qarşı hava əməliyyatlarına mandat verən BMT qətnaməsi onların arasını açıb. Xəbər verildiyi kimi, baş nazir Putin ABŞ başda olmaqla Qərb ölkələrinin Liviyaya hava zərbələri endirməsini sərt formada tənqid edərək bunu “xaç yürüşü” ilə müqayisə edib. Baş nazir BMT Təhlükəsizlik Şurasının qətnaməsini də bu cür “xaç yürüşləri” üçün alət adlandırıb. Putinin bu çıxışının birbaşa prezident Medvedyevə də ünvanlandığı aydın idi. Çünki məhz Medvedyevin qərarı ilə Rusiya Təhlükəsizlik Şurasında Liviya qətnaməsinə veto qoymayıb.

Ona görə də Medvedyevin Putinə cavabı özünü çox gözlətməyib. Prezident jurnalistlər qarşısına çıxaraq bildirib ki, “xaç yürüşü” kimi bənzətmələr Liviya ilə bağlı qərar üçün düzgün deyil və baş nazir bu cür məsələlərdə mövqe bildirərkən ehtiyatlı ifadələr seçməlidir.

Putinlə Medvedyevin bir-birinin mövqelərinə ilk dəfə bu cür açıq şəkildə zərbə endirməsi Rusiyada bir-iki liberal nəşr istisna olmaqla geniş şərh edilməyib. Lakin Qərb mediası bu mövzuya günlərdir geniş yer verir. “The New York Times” yazır ki, bu “atışmadan” sonra Rusiya siyasi elitası üçün qəribə həftə başlayıb. Belə ki, indi Kremlə yaxın siyasətçilər baş nazirlə prezident arasında manevr etmək məcburiyyətindədir. Onlar hansı tərəfin mövqeyinin daha düzgün olduğunu açıq ifadə etməkdən çəkinirlər. Çünki hakim elitanın üzvlərindən heç kim dəqiq bilmir ki, bir il sonra prezident Medvedyev, yoxsa Putin olacaq.

Qəzetin yazdığına görə, bir məsələ aydındır ki, Putinlə Medvedyevin Qərbə baxışları kəskin fərqlənir. Onların yaxın ətrafı isə hansı platformada dayanmaq lazım gəldiyini müəyyən edə bilmirlər. Müəllif Ellen Barri Rusiya siyasi elitasındakı bu qeyri-müəyyənliyi valideynləri dalaşan uşaqların durumu ilə müqayisə edir - “uşaqlar” “ata”nın, yoxsa “ana”nın tərəfində durmağa qərar verə bilmirlər. Medvedyev Qərblə iqtisadi inteqrasiyanı, siyasi mühiti daha demokratikləşdirməyi, beynəlxalq məsələlərdə ortaq hərəkət etməyi düzgün sayır. Putin isə hesab edir ki, Qərblə inteqrasiya Rusiyaya heç nə verə bilməz, çünki Qərbin geosiyasi maraqları Rusiyanı zəiflətməkdir. Ona görə də Rusiya “soyuq müharibə”də olduğu kimi Qərbin maraqlarına qarşı çıxmalıdır.

Rusiya elitası daxilindəki mübahisəni bu ölkənin Liviyadakı səfiri Vladimir Çamov daha da alovlandırıb. Putinin “xaç yürüşü” çıxışının ardınca internetdə Çamovun Kremlə məktubu yayılıb. Səfir məktubunda Rusiyanın Liviyaya dair qətnaməyə Təhlükəsizlik Şurasında veto qoyulmamasını ölkənin maraqlarının “satılması” adlandırıb. Diplomat yazıb ki, Qərbin həyata keçirdiyi əməliyyatlar nəticəsində Rusiyanın Liviyada milyardlarla dollarlıq mənfəəti əldən çıxıb. Məktubun yayılmasından dərhal sonra Medvedyev Çamovu geri çağırıb. Rusiya mənbələri onun Putinin adamı olduğunu yazır. Prezidentin “Rusiyanın maraqlarını düzgün təmsil etmədiyi üçün” geri çağırdığı səfir XİN sistemində yeni vəzifəyə təyin oluna bilər.

Britaniyanın “The Times” qəzetinin şərhində isə deyilir ki, Putin Medvedyevlə son mübahisə ilə mövqelərini zəiflədib. Belə görünür ki, baş nazir “xaç yürüşü” çıxışı ilə mühafizəkar, anti-Qərb düşərgənin dəstəyini qazanmağı hesablayırdı. Lakin istər Rusiya, istərsə də beynəlxalq ictimai rəydə uduzdu. Qəzetə görə, Putin öz çıxışı ilə “köhnə dəbli siyasətçi” olduğunu göstərdi. Medvedyev isə əksinə, öz mövqeyini möhkəmləndirdi. Xarici müşahidəçilərə görə Medvedyev öz çıxışı ilə dövlət adamı olduğunu göstərə bildi.

“Son vaxtlara qədər çoxları inanırdı ki, növbəti prezident Putin olacaq. Lakin Liviya ilə bağlı mübahisə ictimai rəydə inqilaba səbəb oldu. Putin əvvəlki kimi hakimiyyət rıçaqlarını əldə saxlayır, lakin Medvedyev də nəhayət ölkənin gələcəyinin bağlana biləcəyi siyasətçiyə oxşamağa başlayır” - deyə qəzet qeyd edir.

Digər xarici təhlilçilər isə hesab edirlər ki, Putin artıq prezident seçkiləri kampaniyası aparır. Artıq Rusiyada Putin-Medvedyev tandeminin mövcud olmadığı aydındır. Bu arada son rəy sorğuları göstərir ki, Putinin reytinqində ciddi azalma baş verməkdədir.

MUSAVAT

Share/Save/Bookmark
 
آدرسهای ما - Follow us

YouTube

 -----

Facebook

----- 

Twitter