Bicarda kənd müəlliməsinin 54 xəstə şagirdə dəstək kampaniyası

İran xəbər agentlikləri Kürdüstan vilayətinnin Bicar şəhərinin kəndlərində çalışan Sürəyya Mütəhhəriniya adlı müəllimənin yoxsul ailələrdən olan xəstə şagirdlər üçün təşkil etdiyi dəstək kampaniyasından yazır.

Yarı-rəsmi Mehr agentliyinin yaydığı məlumata görə, dörd il əvvəl xəstə şagirdlərə yardım etməyə başlayan Mütəhhəriniya hazırda 54 şagirdin dərmanı üçün fəaliyyət göstərir.

Bicarın Çəngalmas bölgəsində çalışan müəllimə bu istiqamətdə müxtəlif qeyri-hökümət təşkilatları, dövlət qurumları, media və bölgənin xeyriyyəçi insanlarına müraciət edir.

“Fədakar müəllimənin cəhdləri sayəsində mətbuat da bu xəstə şagirdlərə diqqət göstərir. Bu, o şagirdləri sağlıqlarını geri almaq üçün ümidləndirir,” deyə İRNA xəbər agentliyi köməksevər müəllimənin fəaliyyətlərini təsvir edir.

Mütəhhəriniyanın yardım etdiyi yoxsul şagirdlərdən biri 10 yaşlı Saranın üzü və əlləri 7 aylığında baş verən hadisədə yanıb. Olayda 7 barmağını itirən Saranın ailəsi onun dərman xərcini təmin edə bilmir.

Köməksevər müəllimənin kampaniyası nəticəsində, Mehr xəbər agentliyinə istinadən, şagirdin müalicəsi üçün bu günədək 20 dəfədən artıq yüksək texnologiyalı cərrahi əməliyyatı həyata keçirilib və Sara sağlığını geri qazanmaqdadır.

Bicar və Qurvə Kürdüstan vilayətində türklərin sıx yaşadığı iki şəhərdir. Bəzi qaynaqlarda Kiçik Təbriz adı ilə tanınan Bicar şəhəri Qərbi Azərbaycan və Zəncan vilayətinin yaxınlığında yerləşir.

Share/Save/Bookmark