گاموح ون 21 آذر حرکاتی نین 67جی ایلدونومو ایله باغلی بیلدیریشی

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)-un

21-Azər Hərəkatının 67-ci il dönümü ilə bağlı rəsmi bildirişi

Ulu Millətimizin adıyla!

20-ci  əsrin əvvəllərində Məşrutə  Hərəkatı, daha sonra Xiyabani hərəkatı ilə yanaşı 1918-1920 Azərbaycanın quzeyində yaranan Azərbaycan Demokratik Cümhuriyyəti Azərbaycan türklərinin gündəmə gəlməsinə nədən oldu.

Birinci dünya savaşından sonra dünyada sərhədlərin yenidən düzənlənməsi, qara qızılın siyasi önəm daşıması, Bolşevizmin bir dünya gücü olması, Anadoluda Atatürk öndərliyində Qurtuluş Savaşının başarısı ilə sonuclanması, başqa yandan isə Türk Qacar Məmalik-e Məhrusə sisteminin dağıdılması ve yerinə fars mərkəzçi bir hükumətə çevrilmə iradəsi uluslararası böyük güçlərin gündəmində dayanmışdır.

Bu sürəcin davamı olaraq hər şey Farslaşdırılmaqda və yalnız fars etnik kimliyi ətrafında mərkəzlənməyə başlamışdır. Yenicə yaranmış İran adlı Fars rejimi Türk ünsurunu silmək, asimilasyona məruz qoymaq və inkar etməyə qalxmışdır.

İkinci Dünya Savaşı ərəfəsində ortaya gələn yeni dünya formalaşması, Azərbaycan Türk Millətinin yenidən dirçəlməsi və yarımçılıq qalmış millətləşmə sürəcinin dəvamı üçün bir fürsət yaratmışdır.

Bu dönəmdə Pişvəri rəhbərliyilə başlayan 21 Azər Hərəkatı, Azərbaycan Türk Millətinin Ulus – Dövlət olmaq yolunda iradəsinin ortaya qoyulmasıdır. Başqa anlamda, Azərbaycan Milli Hükuməti, bir millətin öz təqdirini və  gələcəyini öz  əlilə oluşdurmağın aydın örnəyidir. 21 Azər Hərəkatı, Azərbaycan Türk Milləti üçün bir referans nüqtəsi oluşdurmuşdur. Bu, milli dövlətin bir illik qıssa ömrü, Azərbaycan Türklüyünün nələrə qadir olduğunun bariz göstərgəsidir.

Bu bir il bağımsızlıq devrində əldə edilən rifah, düzən və özgürlük güneyin uzun tarixinin  ən parlaq səhifəsidir. Həmin ildə Azərbaycanın Güneyində gərçəklənən siyasi, ekonomi, şəhərcilik, incəsənət və azərbaycan türkcə dili, kültürü v s. işlər yalnız bir milli hakimiyyətin görəcəyinin başqa örnəyidir.

21 Azər hərəkatı Güney Azərbaycan Türkünün öz özünü yönete bildiyinin dünyaya isbatıdır.

21 Azər hərəkatı Güney Azərbaycan Türk ulusunun yüksək karakterli dövlətçiliyilə, qaranlığa aydınlıqdır. 21 Azər hərəkatı eşitlikdir. Qadın-Ərkək ayrımına son verməkdir.

Buna baxmayaraq 21-Azər Hərəkatı, Azərbaycan Türk Milləti üçün heç bir zaman əbədi bir yenilgi və məğlubiyət yox, tərsinə tarixində qızıl boyayla yazılan bir milli qurtuluş və bağımsızlıq simgəsi və şərəf onuru olmuşdur. 21 Azər Hərəkatı Azərbaycan Türk Millətinin İran mərkəzli sistemdən qopma, bağımsız bir dövlət olma istəyinin, Türk kimliyinə aid olmasının açıq göstərgəsidir.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) olaraq , Güneyimizin ulus-dövlətləşməsinin ən önəmli tarixsəl olayı olan 21- Azər gününü 67.ci il dönümü bayramını bütün millətimizə qutlu olusun diyərək, bu yolun dəvamçisi olmaq şərəfi ilə fəxr edirik.

Sonda 21 Azər gününü Güney Azərbaycan milli dövlətçilik günü ve 26 Azər günü Güney Azərbaycanın Milli və kültürəl soyqırımı kimi adlandırırıq!

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)

Share/Save/Bookmark